Araxis

Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur.

Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir. Araxis bitkisi mərkəzi və şimali Afrikada da daha geniş yayılmışdır. Hazırda araxis Zaqafqaziyada, Şimali Qafqazda, Ukrayna və Orta Asiya ölkələrində daha çox əkilir. Azərbaycanın subtropik rayonlarında təsərrüfat əhəmiyyətli bitki kimi yetişdirilir. Əvvəllər araxisin meyvələrinin paxlasını əl vasitəsilə yığırdılar. Bu da çox zəhmət tələb edirdi və onun plantasiyasının genişlənməsi, məhsulun artmasına mane olurdu. Hazırda isə araxisin meyvələri xüsusi maşınla yığılır.

Araxisin toxumlarından 40–56 % keyfiyyətli piyli yağ, 23–37 % zülal, 20 %-ə qədər nişasta, şəkər, "E" vitamini və digər mühüm maddələr vardır. Araxis yağı çox davamlıdır, sarıtəhər rəngə malikdir. Tərkibinin 70 %-ni olein turşusu, 15 %-ni isə doymamış araxis yağı turşuları təşkil edir. Araxis yağı çox faydalıdır. O aterosklerozda müalicəvi təsirə malikdir, qanda xolesterinin miqdarını azaldır. Ona görə də tibbdə müxtəlif dərmanların tərkibində işlədəlir. Bu yağdan yeyinti sənayesində marqarinin marqarinin hazırlanmasında da geniş istifadə olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search